Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Hər daralmış damara stent taxılmaz

Bilməlisiniz ki, hər daralmış damara stent taxılmaz!

Burada ilkin olaraq ürəyimizi qidalandıran tac arteriyaları misal göstərə bilərik. Hansı ki, onların diametri 2-4 mm-dir. Bu damarlardan get-gedə incələn (yəni diametri azalan) yan damarlar çıxar. Adətən diametri 2 mm-in altında olan və angioqrafiyada daraldığı müəyyən edilən damarlara stent taxılmamalıdır.

Bunun səbəbi həmin incə damarlara stent taxıldıqdan sonra bir neçə ay içində bu stentlərin tıxanma ehtimalı çox olur. Ayrıca bu qədər incə damarların qidalandırdığı ürək toxuması az olduğu üçün bu damarların tıxanması böyük problemə səbəb olmaz. Ona görə də daralmış olan incə damarlara stent taxmaq əvəzinə dərman müalicəsi tövsiyə olunur.

Stentlər dərmanlı (xalq arasında “yağlı stent”) və dərmansız olur. Dərmanlı stentlər normal stentlərin üstünün hüceyrə çoxalmasını əngəlləyən xüsusi dərmanlarla örtülmüş olanıdır. Bu dərmanlar taxıldıqdan sonra stentin tıxanma və ya daralma ehtimalını orta və ya uzun müddət boyunca azaldır. Bu stentlərin normal (dərmansız stentlər) stentlərə nisbətən tıxanma ehtimalı daha azdır. Buna görə də daralmış ürək damarlarını açmaq üçün daha çox dərmanlı stentlərdən istifadə edirik.

Unutmayın ki, daralmış ürək damarlarına stent taxaraq damar açıldıqdan sonra - istər dərmanlı, istərsə də dərmansız stent olsun - stentin bir daha tıxanmayacağı zəmanəti verilməz. Adətən stent taxıldıqdan sonra 1 il içərisində tıxanmazsa, daha sonra tıxanma ehtimalı azalır. Stent taxıldıqdan sonra daralmış damar açılsa belə, pasiyentlər bəzi dərmanları ömür boyu içməlidirlər.