Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürəyinizə laqeyid yanaşmayın

Bildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.

Ürək orqanizmin əsas "yanacağı" olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur.

Düzgün qidalanma insanın sağlamlığının təməlidir. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək - bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.

Hərəkət həyatdır. Müasir insanların əksər hissəsi hipodinamiyadan ("az hərəkətlilik") əziyyət çəkir. Müasir şəhər sakini gün ərzində 9 saat oturaq vəziyyətdə olur. Bu çox böyük problemdir. Günün çox hissəsini oturaq vəziyyətdə olan insanın ürək xəstəliklərinin inkişaf etmə riski fiziki aktiv insanla müqayisədə dəfələrlə çoxdur.

Bu səbəbdən mümkün qədər çox hərəkət edin. Gündəlik piyada gəzintilər (3 km az olmayaraq), üzgüçülük, gündəlik bədən tərbiyəsi çox xeyirlidir.

Yüksək arterial təzyiq ürəyin və damarların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən 30-35 yaşından başlayaraq insan vaxtaşırı olaraq öz təzyiqini ölçməlidir. Bəzən hipertoniya insanlarda simptomsuz inkişaf edir. Bu səbəbdən insan özündə baş ağrısı, başgicəllənməsi və s. bu kimi simptomları heç vaxt müşahidə etmədikdə belə, öz arterial təzyiqinə nəzarət etməlidir.

Bu sadə məsləhətlərə əməl etdikdə insan özünü bir çox ürək və damar xəstəliklərindən sığortalaya bilər.