Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Sizcə, ürəyiniz nə qədər sağlamdır?

Yaşadığımız stresslər və problemlər, gərgin iş qrafiki, gündəlik qayğılar, yaşanan epidemioloji vəziyyət və digər bu kimi hallar istəmədən immun sistemimizin zəifləməsinə, sinir sistemimizin pozulmasına və bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Normal olaraq ürəyimiz də bu qədər mənfi yükə cavab reaksiyası olaraq patoloji əlamətlər verir.

Siz nə qədər "ürəyim sağlamdır" desəniz də sadaladığımız xoşagəlməz hallar ürəyinizə də təsirsiz ötüşmür. Və ürəyimiz bir sıra əlamətlərlə bunu bizə bildirir. Sadəcə olaraq biz bu əlamətlərə fikir vermirik.

Nəfəs darlığı, təngnəfəslik, ürəkdöyünmə, halsızlıq, tez yorulma, ümumi zəiflik, əllərin, ayaqların soyuması, dərindən nəfəs ala bilməmək, dözümsüzlük, hərarət, diz və dirsək oynaqlarında ağrılar, qızartılar, şişkinlik, bayılma, aritmiya (əgər nəbz ritmik deyilsə, ürək səbəbsiz olaraq qəflətən tez-tez sonra isə asta-asta döyünürsə) və digər bu kimi əlamətlər əslində ürəyinizin düşündüyünüz qədər də sağlam olmadığının əlamətləridir.

Çox zaman bu əlamətlər zəif və asta inkişaf etdiyindən, o qədər də hiss olunmur. Hiss etdiyimizdə belə bu əlamətlərə biganə yanaşıb, onlara dözməyi seçirik.

Bilməsiniz ki, yuxarıdakı əlamətlər və ürək nahiyəsində ağrılar əmələ gəldikdə, onlara dözmək lazım deyil. Bu, təhlükəli ola bilər və həyatınızı risk altına ata bilərsiniz!